Pakistanla əməkdaşlıq hərbi gücümüzü artırır  - Ekspert

12:32 24.02.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan və Pakistan arasında əlaqələrin dərinləşdirilməsi strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Pakistan güclü hərbi sənayeyə malik olmaqla yanaşı, Mərkəzi Asiya, Hind yarımadası və İslam dünyasında ciddi təsir imkanlarına sahibdir. Onun Çin ilə yaxın münasibətləri, Hindistana qarşı tarixi rəqabəti, eyni zamanda Ermənistanla diplomatik əlaqələrinin olmaması Azərbaycan üçün bu tərəfdaşlığı daha da əhəmiyyətli edir”.

Bunu hafta.az-a açıqlamasında siyasi ekspert Azər Hüseynov deyib. Ekspert bildirib ki, Pakistanın nüvə gücünə malik olması, döyüş təcrübəsi olan peşəkar ordusu və hərbi texnologiyaları ilə Azərbaycan üçün mühüm hərbi tərəfdaş ola biləcəyini göstərir. Onun fikrincə, xüsusilə iki ölkə arasında hərbi təlimlər, texnoloji əməkdaşlıq və birgə müdafiə sənayesi layihələri Azərbaycanın hərbi gücünü artırmaq baxımından əhəmiyyətlidir:

“Bundan əlavə, Pakistanın Mərkəzi Asiya ölkələri ilə yaxın əlaqələri Azərbaycanın bu regionda iqtisadi və siyasi nüfuzunu genişləndirmək üçün yeni imkanlar yaradır. Pakistan Çinin “Bir Kəmər, Bir Yol” layihəsində mühüm iştirakçılardan biridir və Azərbaycan bu layihə çərçivəsində Pakistanla ortaq iqtisadi layihələr həyata keçirə bilər. Azərbaycanla Pakistanın yaxınlaşması, həmçinin Türkiyə ilə üçtərəfli əməkdaşlığın dərinləşməsinə və regional güc balansında mövqelərinin möhkəmlənməsinə səbəb ola bilər. Digər mühüm məqam Pakistanın Hindistanla olan münasibətləridir. Hindistan son illərdə Ermənistanla hərbi əməkdaşlığını artıraraq ona silah satışı həyata keçirir. Bu isə Azərbaycanın maraqlarına birbaşa ziddir. Pakistan isə Ermənistanı tanımayan və hər zaman Azərbaycanın ərazi bütövlüyünü açıq şəkildə dəstəkləyən dövlətlərdən biridir. Bu mənada, Pakistanla strateji tərəfdaşlığın gücləndirilməsi Azərbaycan üçün təkcə hərbi və iqtisadi deyil, həm də diplomatik baxımdan faydalıdır”.

A.Hüseynovun fikrincə, Azərbaycan və Pakistanın birgə əməkdaşlığı İslam dünyasında ölkəmizin nüfuzunun artmasına da təsir edə bilər:

“Pakistan İslam Əməkdaşlıq Təşkilatında və digər beynəlxalq platformalarda Azərbaycanın maraqlarını müdafiə edən ölkələrdən biridir. Eyni zamanda, Pakistanın İslam dünyasında xüsusi çəkisi və nüfuzu var. Bununla yanaşı, Pakistanın Türkiyə ilə yaxın dostluq və strateji tərəfdaşlıq əlaqələri var ki, bu da üç ölkə arasında əməkdaşlıq üçün geniş imkanlar açır.

Bütün bu amillər nəzərə alındıqda, Azərbaycan və Pakistan arasında münasibətlərin daha da dərinləşdirilməsi, hərbi, iqtisadi və diplomatik sahələrdə yeni əməkdaşlıq formatlarının yaradılması strateji baxımdan vacibdir. Bu əlaqələr Azərbaycanın beynəlxalq arenada mövqelərini gücləndirmək, təhlükəsizliyini təmin etmək və iqtisadi inkişafına təkan vermək üçün mühüm rol oynaya bilər”.